


Zəfər təranələri: Sumqayıt Musiqi Kollecində Tarixi Qələbənin təntənəsi
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində açılmış Zəfər gününə həsr olunmuş sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Zəfər Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, bu əlamətdar tarix Azərbaycan xalqının qəhrəmanlığını, birliyini və Vətən uğrunda mübarizədə nümayiş etdirdiyi iradəni əks etdirir.
Sonra kollecin müəllim və tələbələrinin iştirakı ilə hazırlanmış konsert proqramı təqdim olunub.
Proqramda Fərhad Bədəlbəylinin “Pərvərdigar”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Qızların rəqsi”, Müslüm Maqomayevin “Azərbaycan” mahnısı, həmçinin “Xudayar təsnifi” və digər musiqi nümunələri səsləndirilib.
“Xudayar təsnifi” orkestr və xor kollektivlərinin, Rauf Hacıyevin “Azərbaycan” əsəri isə nağara ansamblı, xor və orkestrin ifasında təqdim olunub. Konsertdə kollecin orkestr və xor kollektivləri, eləcə də tələbələr çıxış ediblər.