×
A
A
A
Sazlamalar

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatı əsasında Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.
2. Cəmiyyətin işçilərinin say həddi 82 ştat vahidi müəyyən edilsin.
3. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi;
3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
3.2.1. Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi;
3.3. Daşkəsən Rayon İcra Hakimiyyətinə:
3.3.1. bu Qərarın 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
5. Daşkəsən Rayon İcra Hakimiyyəti:
5.1. Cəmiyyətin nizamnaməsi və nizamnamə kapitalının miqdarı ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
5.2. Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
5.3. bu Qərardan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 5 ” “ noyabr ” 2026-cı il
№ 373

Qərarlar 2026-11-05 18:38:00