


Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər - PANEL SESSİYA
Bakı, 5 noyabr, AZƏRTAC
"BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammit çərçivəsində "Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər" mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyaya BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin idarəetmə və dövlət idarəçiliyi üzrə mütəxəssisi, doktor Kristina Rodriges-Akosta moderatorluq edib. Müzakirələrdə Amerika, Afrika, Asiya və Sakit okean regionu, Karib hövzəsi, Mərkəzi Asiya və Avropanın təcrübəsi əsasında idarəetmə sahəsində innovasiyalar, onların tətbiqi nəticələri və uğurlu təcrübələrin müxtəlif ölkələrdə genişləndirilməsi imkanlarından bəhs edilib.
Sessiyada çıxış edən regional qurumların və şəbəkələrin rəhbərləri, eləcə də ekspertlər idarəetmə sahəsində əldə olunan yenilikləri və bu istiqamətdə qazanılmış təcrübələri bölüşüblər.