


Dövlət İdarəçilik Akademiyasında Ali Məhkəmənin kollegiya sədrinin mühazirəsi dinlənilib
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin vahid məhkəmə təcrübəsi ilə bağlı nəzəri biliklərinin möhkəmləndirilməsi, bu istiqamətdə Ali Məhkəmənin fəaliyyətinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Hafiz Nəsibovun “Cinayət mühakimə icraatında vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolu” mövzusunda mühazirəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın professor-müəllim heyəti və tələbələri ilə yanaşı, Bakı Dövlət Universitetinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndələri iştirak ediblər.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov qonağı salamlayaraq onun Akademiyada çıxış etməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Rektor bildirib ki, hüquq mühafizə orqanları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında sıx əlaqələr mövcuddur. Bu əlaqələrin əsasında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında qarşılıqlı əməkdaşlıqla bağlı imzalanmış memorandumlar dayanır.
Qeyd edilən anlaşmaların əhəmiyyətini vurğulayan akademik U.Ələkbərov Azərbaycan Respublikası Ali Məhkəməsində DİA-nın hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün yaradılmış iş və təcrübə imkanları ilə bağlı Məhkəmənin rəhbərliyinə minnətdarlığını bildirib.
Rektor həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolunun gündən-günə artdığını, Hafiz Nəsibovun kollegiyanın sədri kimi fəaliyyətinin bu sahənin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib və Akademiyanın dəvətini qəbul edərək mühazirə keçdiyi üçün qonağa təşəkkürünü çatdırıb.
Mühazirə ilə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının əhəmiyyətindən, bu istiqamətdə Ali Məhkəmənin gördüyü işlərdən bəhs edib, real məhkəmə işlərindən gətirdiyi nümunələr əsasında mövzunun daha dərindən mənimsənilməsinə nail olub.
Daha sonra professor-müəllim heyəti və tələbələrlə interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və cinayət mühakimə icraatı üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin müasir inkişaf istiqamətləri ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.
Sonda Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev tədbirdə iştirak dəvətini qəbul edən universitetlərin rəhbərliklərinə təşəkkür edib, belə maarifləndirici görüşlərin davamlı olacağına ümidvar olduğunu bildirib.