×
A
A
A
Sazlamalar

Gəncədə amputant futbolçular mina təhlükəsinə qarşı maarifləndirmə təşəbbüsünə dəstək veriblər

Gəncə, 5 noyabr, AZƏRTAC

Gəncədə Futbolun İnkişaf Fondunun (FİF) təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun (QDF) birgə elan etdiyi qrant müsabiqəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı maarifləndirməyə yönəlmiş layihə həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Gəncə şəhərində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan QHT-lərin IV Əməkdaşlıq Forumu zamanı amputant futbolçular arasında yoldaşlıq oyunu təşkil edilib.
Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı, QDF-in İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müşaviri Fikrət Vəliyev və FİF-in icraçı direktoru Tural Piriyev çıxış ediblər.
Çıxışlarda futbolun imkanlarından istifadə etməklə işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi barədə ictimai məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, minadan zərər çəkmiş şəxslərin cəmiyyətə inteqrasiyasının və sosial fəallığının dəstəklənməsi, amputant futbolunun inkişafı, eləcə də əlilliyi olan şəxslərin idmana cəlb edilməsi məsələlərinə diqqət çəkilib.
Tədbirin sonunda futbolçulara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Müxbir - Elcan Məmmədov

Regionlar 2026-11-05 18:37:00