


Binəqədidə 244 nömrəli tam orta məktəbdə şəhidlərin xatirəsi əbədiləşdirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Binəqədi rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Əsəd Əsgərov və Elşad Əliyevin, Vətən müharibəsi şəhidi baş leytenant İlqar Vəliyevin büstünün açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, hər 3 şəhidin büstü Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbin foyesində qoyulub.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, şəhid ailələri iştirak ediblər.
Məktəbin direktoru Şəfa Qurbanova bildirib ki, bu gün onlar üçün həm qürurverici, həm də mənalıdır: “Əziz şəhid ailələri, siz bu Vətənə ən böyük töhfə vermiş insanları – doğmalarınızı təmsil edirsiniz. Şəhidlərimizin yoxluğu sizin qəlbinizdə heç vaxt dolmayacaq bir boşluq yaratsa da, onların adı, qəhrəmanlığı və Vətəninə olan sevgisi xalqımızın yaddaşında əbədi qalacaq. Sizin qürurunuz bizim qürurumuzdur, kədərinizi bölüşürük. Məktəbimizin girişində qoyulan bu büstlər sadəcə üç qəhrəmanımızın xatirəsinə qoyulmuş abidə deyil. Bunlar gələcək nəsillərə ünvanlanmış bir mesajdır: Vətən sevgisini sözlə deyil, əməllə sübut edin”.
Qeyd olunub ki, şəhidlərimizin hər biri Azərbaycan xalqı üçün ayrıca bir qəhrəmanlıq simvoludur. Onların harada və necə həlak olmasından asılı olmayaraq, əsas amil Vətənin müstəqilliyi, torpaqlarımızın azadlığı və suverenliyimiz uğrunda canlarından keçmələridir. Azərbaycan xalqı öz şəhidlərini hər zaman uca tutur, xatirələrini əbədiləşdirir, kitablar yazır, filmlər çəkir və abidələr ucaldır.
Çıxış edənlər şəhid ataları, anaları və doğmalarının hər bir vətəndaş üçün əziz insanlar olduğunu bildiriblər. Vurğulanıb ki, Vətən uğrunda şəhid olan oğullarımızın qarşısında baş əymək, onların ailələrinə dəstək olmaq və səbir diləmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz belə vətənpərvər oğulların qanı və canı bahasına mümkün olub. Belə qəhrəman övladlar böyüdən analar xalqımızın baş tacıdır. Şəhidlərimizin vətənpərvər ruhda yetişməsində ailə ilə yanaşı, məktəbin və müəllimlərin də böyük əməyi və rolı vardır.
Qeyd olunub ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması üçün təhsil müəssisələrində şəhidlərimizin xatirəsinin yaşadılması xüsusi əhəmiyyət kəsb edir. Məktəblərdə şəhidlərin adına sinif otaqlarının verilməsi və onların fotolarının yerləşdirilməsi şagirdlərin gələcəkdə Vətənə layiq övlad kimi yetişməsinə, Azərbaycanı beynəlxalq müstəvidə şərəflə təmsil etməsinə xidmət edir. Bütün xalqımız şəhidlərimizin ruhu qarşısında baş əyir. Bu gün torpaqlarımızın azad olması şəhidlərimizin ruhunu şad edir. Nə qədər ki, xalqımız öz qəhrəmanlarını unutmur və əziz tutur, Azərbaycan dövləti müstəqil, güclü və əbədi yaşayacaq.