×
A
A
A
Sazlamalar

“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub

İstanbul, 5 noyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində davam edən 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal edilən filmin çəkilişləri 5 ölkədə aparılıb. Film “Azərbaycan irsinə səyahət” silsiləsinə daxildir.
Qarabağın işğaldan azad edilməsindən sonra Azıx mağarasında yerli və xarici mütəxəssislərin iştirakı ilə arxeoloji araşdırmaların bərpa olunması filmin süjet xəttinin əsasını təşkil edir. Buradan yola çıxaraq, filmdə peşəkar arxeoloq və tarixçilərin gözü ilə Azıx mağarasına, onun təkcə Azərbaycanın deyil, ümumilikdə dünya tarixindəki yerinə nəzər salınır. Britaniya, Almaniya, Kanada, Türkiyədən olan antropoloqlar yeni insan növünün formalaşmasında Azıx mağarasının xüsusi rolunun olması fikrini irəli sürürlər.
Sənədli filmdə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan istifadə olunmaqla Azıx mağarasının quruluşu, zaman keçdikcə necə dəyişməsi, qədim insanın oradakı həyatı və məişəti izah edilir.
Qeyd edək ki, rejissor Atakan Kərküklünün çəkdiyi film 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının sənədli film müsabiqəsinə təqdim edilib.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri\
İstanbul

Mədəniyyət 2026-11-05 17:06:00