×
A
A
A
Sazlamalar

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalı təqdim olunub

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib.
BŞİH-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə muzeyin direktoru, akademik Nailə Vəlixanlı yeni ekspozisiya və Zəfər zalı barədə məlumat verib.
Bildirilib ki, ekspozisiyada tarixi materiallarla yanaşı, müasir texnoloji və interaktiv həllər, kiçik yaşlı ziyarətçilər üçün simulyasiya oyunu, informasiya tabloları, azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də Böyük Qayıdış prosesini əks etdirən immersiv zal təqdim olunub.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətindən danışan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu Qələbənin təməlində Prezident İlham Əliyevin şəxsiyyət faktoru və siyasəti dayanır.
Mədəniyyət naziri Adil Kərimli isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin xalqımızın iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsi olduğunu vurğulayıb, şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə və qəhrəmanlara minnətdarlığını bildirib.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, şəhid anası Məleykə Məcidova və Vətən müharibəsi qazisi Famil Məlikov da çıxış edərək müharibənin tarixi əhəmiyyətindən, xalqımızın birlik və həmrəyliyindən bəhs ediblər.
Tədbirin sonunda Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ingilis və rus dillərində nəşrləri təqdim edilib.

Cəmiyyət 2026-11-05 17:00:00