×
A
A
A
Sazlamalar

Paraqvayda Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş konfrans

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 3-də Paraqvayın paytaxtı Asunsyon şəhərində, Milli Konqresin Kitabxanasında Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi dəyişikliklər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Paraqvayın Qanunvericilik Akademiyası, Senatın Xarici İşlər Komitəsi, Azərbaycanın Argentinadakı səfirliyi və Azərbaycanın Paraqvayda Fəxri Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Konqres üzvləri, dövlət rəsmiləri, media nümayəndələri və akademik dairələrin təmsilçiləri iştirak ediblər.
Konfransda məruzə ilə çıxış edən Azərbaycanın Paraqvaydakı qeyri-rezident səfiri Rəmzi Teymurov 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin tarixi əhəmiyyətindən və regionda yaratdığı yeni reallıqlardan danışıb. Diplomat Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması, dövlətlərarası münasibətlərin normallaşdırılması və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yeni imkanlar açdığını vurğulayıb.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə toxunan diplomat 2020–2023-cü illərdə baş vermiş hadisələrdən sonra regionda formalaşan yeni şəraitin sülh gündəliyinin irəlilədilməsinə imkan yaratdığını bildirib.
Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmlənməsindən bəhs edən Rəmzi Teymurov Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, enerji potensialından səmərəli istifadə, müasir nəqliyyat infrastrukturunun yaradılması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi Azərbaycanın Avropa, Asiya və Yaxın Şərq arasında strateji əlaqələndirici rolunu gücləndirir.
Konfrans sual-cavab sessiyası ilə davam edib.

 

Cəmiyyət 2026-11-05 16:43:00