


Keniyanın Baş naziri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkədə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspor işləri naziri Musalia Mudavadi ilə vida görüşü keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari inkişaf dinamikasından razılıq ifadə olunub.
Baş nazir M.Mudavadi Keniya Prezidenti Uilyam Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edib. O, Sultan Hacıyevi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi seçilməsi münasibətilə təbrik edib.
Səfir Sultan Hacıyev Keniya Hökumətinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində səylərinə və diplomatik fəaliyyətində ona göstərilən dəstəyə görə Baş nazirə təşəkkür edib.
Görüşdə Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi qeyd olunub. Eyni zamanda, AQEM-in fəaliyyəti, o cümlədən bu platforma üzrə regionlararası əməkdaşlığın potensialının araşdırılmasında Keniyanın rolu barədə ümumi fikir mübadiləsi aparılıb.