


Nəğməyə çevrilən Qələbə: Xor və orkestrin Zəfər töhfəsi
Bakı, 5 noyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert Zəfər Günü, Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 illik və Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyləri çərçivəsində təşkil olunub.
Proqramda Zəfər ruhunu, xalqımızın vətənpərvərlik duyğularını və qəhrəmanlıq salnaməsini əks etdirən musiqi əsərləri yer alıb.
Tədbirin açılışında Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış edərək konsertin əhəmiyyətindən, milli musiqi irsimizin təbliğindən və Zəfər Gününün xalqımızın həyatında tutduğu xüsusi yerdən danışıb.
Konsertdə Azərbaycan Dövlət Xor Kapellası (baş xormeyster, Xalq artisti Gülbacı İmanova) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Nəfəs və Zərb Alətləri Orkestri (bədii rəhbər, Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə; dirijor Taleh Qəmbərov) çıxış ediblər.
İfaçılar Azərbaycan bəstəkarlarının Zəfər ruhunu və milli musiqi ənənələrini özündə yaşadan əsərlər səsləndirib.