


“Təmiz Şəhər”: Müasir texnologiyaların inkişafı Azərbaycanda tullantıların basdırılmasının minimuma endirilməsinə imkan verir
Bakı, 5 noyabr, AZƏRTAC
Müasir texnologiyaların inkişafı tullantıların basdırılmasının minimuma endirilməsinə, gələcəkdə isə sıfır səviyyəsinə çatdırılmasına imkan verir. Bu baxımdan hökumət tərəfindən irəli sürülən “Sıfır tullantı” təşəbbüsü mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən 3-cü Dayanıqlı Tikinti Sammitinin “Tullantıdan resursa” adlı panel müzakirəsində deyib.
O bildirib ki, müasir texnologiyaların inkişafı tullantıların basdırılmasının minimuma endirilməsinə, gələcəkdə isə sıfır səviyyəsinə çatdırılmasına imkan verir.
“Bu baxımdan hökumət tərəfindən irəli sürülən “Sıfır tullantı” təşəbbüsü mühüm əhəmiyyət daşıyır. Əsas məqsəd yaranan tullantıların tamamilə emal edilməsi və ya enerji mənbəyi kimi istifadəsidir. Tullantıların yarandığı andan son mərhələyədək idarə olunmasını əhatə edən bu prinsip Azərbaycanda da tətbiq edilir”, - deyə qurum rəsmisi vurğulayıb.
Sabit Zeyniyev diqqətə çatdırıb ki, tullantıların idarə olunmasının digər mühüm istiqaməti onların enerji mənbəyinə çevrilməsidir: “Bu məqsədlə Azərbaycanda illik 500 min ton tullantı yandırmaq gücünə malik Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu yaradılıb. Müəssisə tam gücü ilə fəaliyyət göstərir və tullantıların yandırılması nəticəsində əldə olunan elektrik enerjisi şəhər şəbəkəsinə ötürülür. Bu həcmdə enerji 200 mindən çox əhalisi olan bir yaşayış məntəqəsinin elektrik enerjisinə olan tələbatını ödəməyə imkan verir. Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu tam bərpa edilib və qalıq tullantıların ətraf mühitdən təcrid olunmasını təmin etmək məqsədilə müasir sanitariya-texniki infrastruktur yaradılıb. Çeşidləmə, təkrar emal, tullantılardan enerji istehsalı və qalıqların təhlükəsiz zərərsizləşdirilməsi vahid idarəetmə zəncirinin əsas mərhələləridir. Bu yanaşma tullantıların resursa çevrilməsinə və ətraf mühitə mənfi təsirin azaldılmasına xidmət edir”.