


Ağdam rayonunda 30 milyon tona yaxın söküntü tullantısı var
Bakı, 5 noyabr, AZƏRTAC
Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı tikinti və bərpa-quruculuq işləri tullantıların səmərəli idarə olunması məsələsini daha da aktuallaşdırıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən 3-cü Dayanıqlı Tikinti Sammitinin “Tullantıdan resursa” adlı panel müzakirəsində deyib.
O bildirib ki, bu istiqamət sosial-iqtisadi inkişaf strategiyalarında da prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.
“2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası yekunlaşma mərhələsindədir. 2027–2030-cu illər üçün hazırlanmış yeni strategiyanın isə yaxın günlərdə təsdiqlənməsi gözlənilir. Yeni sənəddə tullantıların səmərəli idarə olunması, o cümlədən məişət tullantılarının dayanıqlı idarə edilməsi ayrıca istiqamət kimi nəzərdə tutulub. Xüsusilə tikinti sektorunda fəaliyyətin genişlənməsi tullantıların həcminin artmasına səbəb olur. Mövcud çatışmazlıqların aradan qaldırılması, bu tullantıların təkrar emalı və resursa çevrilməsi ekologiya sahəsində mühüm vəzifələrdəndir”, - deyə Mehman Nəbiyev vurğulayıb.
Sektor müdirinin sözlərinə görə, nazirlik bir neçə ildir tikinti tullantılarının idarə olunması ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlayıb: “İlk təşəbbüslərdən biri 2020-ci ildən Qarabağda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaranmış böyük həcmli söküntü tullantılarının idarə olunması istiqamətində reallaşdırılıb. Bu məqsədlə beynəlxalq ekspertlər, o cümlədən BMT-nin Ətraf Mühit Proqramının mütəxəssisləri cəlb olunaraq Şuşa və Ağdamda qiymətləndirmələr aparılıb. Araşdırmalar nəticəsində Ağdam rayonunda 30 milyon tona yaxın söküntü tullantısının mövcud olduğu müəyyənləşdirilib. Laborator təhlillərin nəticələrinə əsasən, həmin tullantıların 80-85 faizi təkrar istifadə üçün yararlıdır. Hesabatın nəticələri Ağdam rayonunda özəl sektor nümayəndələrinin iştirakı ilə təqdim olunub. “Holcim” sement zavodunun təşəbbüsü ilə Ağdamda ilk pilot layihəyə başlanılıb. Layihə çərçivəsində 120 min tona yaxın söküntü tullantısı emal edilərək təkrar istifadəyə yönəldilib”.
O əlavə edib ki, hazırda bu pilot layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər ərazilərində, eləcə də ölkənin müxtəlif bölgələrində tətbiqi istiqamətində işlər davam etdirilir.