


Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçinin “Gündəliklər”ində
Bakı, 5 noyabr, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçi Marin Sanudonun “Gündəliklər”ində” kitabının təqdimat mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, venesiyalı salnaməçi Marin Sanudonun “Gündəlikləri” Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev tərəfindən italyan dilindən Azərbaycan dilinə tərcümə edilib, giriş və qeydlərlə birlikdə çapa hazırlanıb. “Təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, rəyçiləri isə tarix üzrə fəlsəfə doktorları, dosentlər Fərəh Hüseyn və Nərgiz Axundovadır.
Təqdimat mərasimində çıxış edən institutun elmi katibi dosent Bəhmən Əliyev son illərdə müəssisədə Avropa dillərində olan orta əsr mənbələrinin və arxiv sənədlərinin tədqiqi, tərcüməsi istiqamətində işlərin genişləndirildiyini bildirib. O, Elmi Şuranın qərarı ilə nəşr olunan kitabın bu istiqamətdə həyata keçirilən fəaliyyətin nümunələrindən biri olduğunu vurğulayıb.
Tofiq Nəcəfli nəşrin Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, Marin Sanudonun məlumatları Azərbaycan Səfəvilər dövlətinin Avropa ölkələri ilə əlaqələrinin araşdırılması üçün mühüm mənbədir. Kitabda I Şah İsmayılın hakimiyyəti dövrü və I Şah Təhmasibin hakimiyyətinin ilk on ilinə aid 360 sənəd yer alıb.
Əhməd Quliyev Azərbaycan tarixinin daha dərindən öyrənilməsi məqsədilə institut əməkdaşlarının Avropa ölkələrinin kitabxana və arxivlərində apardıqları araşdırmalara göstərilən dəstəyə görə təşəkkür edib. O, Marin Sanudonun 1466-cı ildə Venesiyada anadan olduğunu, 1496-1533-cü illərdə 58 cilddən ibarət salnamə xarakterli əsərini qələmə aldığını söyləyib. Adı “Gündəliklər” olsa da, bu əsərin sənədlər toplusu səciyyəsi daşıdığını qeyd edən Ə.Quliyev tərcümə ilə yanaşı, mənbədəki bir sıra məlumatların aydınlaşdırılması məqsədilə nəşrə izah və şərhlərin də əlavə edildiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Elm və Təhsildə İnkişaf” İctimai Birliyinin layihəsi çərçivəsində nəşr olunan kitab tarixçilər, Səfəvilər dövlətinin tarixini araşdıran tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Tədbirdə çıxış edən institutun Qərbi Azərbaycan şöbəsinin müdiri dosent Cəbi Bəhramov, dosentlər Mübariz Ağalarlı və Bəxtiyar Həsənov nəşrin Səfəvilər tarixinin araşdırılması baxımından elmi əhəmiyyətini vurğulayıblar.