×
A
A
A
Sazlamalar

İcraçı direktor: Süni intellektin effektiv tətbiqi üçün düzgün məlumat və kontekst əsas şərtdir

Bakı, 5 noyabr, AZƏRTAC

Süni intellekt texnologiyalarından səmərəli istifadə etmək üçün sistemlərə yalnız məlumat ötürmək kifayət deyil. Düzgün nəticələrin əldə olunması üçün məlumatların uyğun kontekstdə təqdim edilməsi, səbəb-nəticə əlaqələrinin dəqiq müəyyənləşdirilməsi və biznes proseslərinin bu texnologiyalara uyğunlaşdırılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə baş icraçı direktoru Əli Gözəl Bakıda keçirilən “SAP Connect Day Baku” forumunda deyib.
Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqində əsas məsələlərdən biri süni intellektin şirkətin ehtiyaclarını və qarşıya qoyulan məqsədləri düzgün anlamasını təmin etməkdir: “Bu gün süni intellektdən konkret nəticələr və əməli addımlar gözləyirik. Bunun üçün sistemə düzgün kontekst təqdim etməli, onun bizi və ehtiyaclarımızı doğru anlamasını təmin etməliyik. Səbəb-nəticə əlaqələrinin düzgün qurulması olduqca vacibdir. Əks halda, texnologiyanın təqdim etdiyi nəticələr gözlənilən dəyəri yaratmaya bilər”.
Əli Gözəl bildirib ki, süni intellektin biznes mühitinə inteqrasiyası yalnız texnoloji yeniliklərlə məhdudlaşmır. Bunun üçün mövcud iş proseslərinin yenidən qiymətləndirilməsi, məlumat axınının düzgün idarə olunması və sistemlərin yeni tələblərə uyğun qurulması zəruridir.
“Biz prosesləri süni intellektin imkanlarına uyğun şəkildə formalaşdırmalı və düzgün məlumat axınını təmin etməliyik. Burada tələsmək deyil, sistemləri düzgün mövqeləndirmək və dayanıqlı texnoloji əsas yaratmaq önəmlidir. Texnologiyanın tətbiqində üç əsas amilə diqqət yetirilməlidir: sürət, dəqiqlik və insan üçün yaradılan real fayda. Əsas məqsəd bu amillər arasında düzgün balans qurmaqdır”, – deyə şirkət rəsmisi vurğulayıb.
Onun fikrincə, rəqəmsal transformasiyanın uğuru texnologiyanın nə qədər sürətlə tətbiq olunmasından daha çox, onun biznes proseslərinə nə dərəcədə düzgün inteqrasiya edilməsindən və insanlara hansı praktik faydaları verməsindən asılıdır.

İqtisadiyyat 2026-11-05 15:30:00