


Azərbaycançılıq insanları etnik mənsubiyyətinə görə deyil, ortaq dövlətçilik və Vətən sevgisi ətrafında birləşdirir – ŞƏRH
Bakı, 5 noyabr, AZƏRTAC
Millətləri və cəmiyyətləri formalaşdıran, onların tarixi varlığını və gələcəyini müəyyən edən əsas amillərdən biri ortaq ideya, vahid iradə və ümumi ideallardır. Tarix göstərir ki, ortaq məqsəd və ideallar ətrafında birləşə bilməyən cəmiyyətlər zamanın sınaqları qarşısında davamlılıq nümayiş etdirməkdə çətinlik çəkir. İdeya və ideallardan məhrum olan cəmiyyətlərin tarixin amansız qovğalarından sağ çıxması və uzunömürlü olması mümkün deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O qeyd edib ki, azərbaycançılıq ideyası ölkədə yaşayan bütün xalqların nümayəndələrinin bərabərliyi, əməkdaşlığı, milli həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ünsiyyət dili kimi prinsipləri özündə birləşdirir. Bir bayraq altında toplaşmaq, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir insana özünü ümumi evin qurulmasına töhfə verən bərabərhüquqlu vətəndaş kimi hiss etmək imkanı yaradır.
“Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə vahid dövlətin bərabərhüquqlu vətəndaşları kimi birgə yaşamaq, ölkənin siyasi və iqtisadi inkişafında iştirak etmək imkanı verir. Uzun illərdir ki, Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri dinc və sülh şəraitində yaşayır, özlərini ölkənin gələcəyinin formalaşmasında iştirak edən bərabərhüquqlu vətəndaşlar kimi hiss edirlər. Ümummilli Lider Heydər Əliyevin “Kim özünü azərbaycanlı kimi hiss edirsə, o azərbaycanlıdır” fikri də bu yanaşmanın mahiyyətini ifadə edir”, – deyə sosioloq vurğulayıb.
L.Mehralının sözlərinə görə, azərbaycançılığın əsas xüsusiyyəti insanları etnik mənsubiyyətinə, dilinə və dini inancına görə fərqləndirməməsi, vahid milli kimliyi ortaq dövlətçilik, vətəndaşlıq, tarixi yaddaş və Vətən sevgisi üzərində formalaşdırmasıdır. Bu baxımdan, müxtəlif xalqların nümayəndələrinin özlərini Azərbaycanın ayrılmaz hissəsi hesab etməsi və ölkəni doğma Vətənləri kimi qəbul etməsi həmin ideologiyanın ictimai dayaqlarını təşkil edir.
“Azərbaycançılığın gücü ondadır ki, o, insanları etnik mənsubiyyətinə, dilinə və dini inancına görə ayırmır. Talış, ləzgi, avar, rus, yəhudi, udin və digər xalqların nümayəndələrinin Azərbaycanı öz Vətəni hesab etməsi bu ideologiyanın ictimai əsasını təşkil edir. Ortaq dövlətçilik, ümumi tarixi yaddaş və milli-mənəvi dəyərlər ətrafında birləşmək cəmiyyətin həmrəyliyini möhkəmləndirən amillərdəndir. Azərbaycançılıq ideologiyasının gələcəyi əmin əllərdədir”, – deyə o qeyd edib.
Müxbir - Pərvanə Qafarova