×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunda iqlim dəyişiklikləri və hidroloji risklər araşdırılır


Bakı, 5 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları elmi tədqiqatlar iqlim dəyişiklikləri, su ehtiyatlarının idarə olunması, hidroloji təhlükəsizlik və təbii resurslardan dayanıqlı istifadə kimi aktual istiqamətləri əhatə edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlarda Azərbaycanda regional iqlim dəyişikliklərinin Kür çayının axımına təsiri, hidrotermik amillərin radiasiya-enerji ehtiyatlarının formalaşmasındakı rolu, potensial biokütlə məhsuldarlığının qiymətləndirilməsi və təbii ehtiyatlardan dayanıqlı istifadə məsələləri araşdırılıb. Digər elmi işlərdə Kür-Araz hövzəsində daşqın təhlükələrinin qiymətləndirilməsi, su anbarlarında kaskad qəza risklərinin modelləşdirilməsi, iqlim dəyişikliklərinin hidroloji sistemlərə təsiri, coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyalarının tətbiqi, eləcə də süni intellekt əsasında erkən xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi məsələləri tədqiq olunub.
İnstitutun elmi fəaliyyətində su ehtiyatlarının təhlükəsizliyi və ekoloji risklərin qiymətləndirilməsi də mühüm yer tutur. Bu istiqamətdə Kür və Araz çaylarının hidroloji vəziyyətinin öyrənilməsi, çayətrafı ərazilərdə monitorinqlərin aparılması, suyun ekosistemlərə təsirinin, əkin sahələrinin və Tuqay meşələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə də araşdırmalar aparılır. Sahə müşahidələri zamanı torpaq və bitki örtüyü, ərazilərin meliorativ vəziyyəti öyrənilir, müvafiq nümunələr götürülərək elmi təhlillər aparılır.
Mütəxəssislərin fikrincə, iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının vəziyyətinin öyrənilməsi, daşqın və texnogen qəza risklərinin əvvəlcədən müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir coğrafi informasiya sistemləri, məsafədən zondlama və süni intellekt texnologiyalarının tətbiqi hidroloji proseslərin daha dəqiq qiymətləndirilməsinə, riskli ərazilərin müəyyənləşdirilməsinə və erkən xəbərdarlıq imkanlarının genişləndirilməsinə şərait yaradır.
Qeyd edilib ki, institut əməkdaşlarının iştirakı ilə keçirilən beynəlxalq elmi tədbirlərdə 16 ölkədən alim və tədqiqatçılar iştirak edib, ümumilikdə 110 elmi iş təqdim olunub. Həmin işlər arasından ekspert qiymətləndirməsindən uğurla keçən 45 məqalənin “Scopus” beynəlxalq elmi bazasında indekslənən nəşrlərdə dərc olunması nəzərdə tutulur.

Elm və təhsil 2026-11-05 15:23:00