×
A
A
A
Sazlamalar

İsrailli politoloq: Avropa liderləri dünyanı xilas etməyə çalışırlar, amma öz xalqlarının etimadını itirirlər

Bakı, 5 noyabr, AZƏRTAC

Fransada və Almaniyada keçirilən etirazlar artıq sadəcə növbəti tələbə aksiyaları deyil, avropalıların öz hakimiyyətlərinə olan etimadının dərin böhranının göstəricisidir. Bu baxımdan, xüsusilə Fransadakı vəziyyət diqqət çəkir.
Bunu israilli politoloq Yuri Boçarov AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun əsas problemlərindən biri Avropaya rəhbərlik etməyə və beynəlxalq münaqişələrə müdaxilə etməyə çalışdığı bir vaxtda, öz ölkəsindəki vəziyyətə nəzarəti itirməsidir.
“Fransa Prezidenti dünya təhlükəsizliyi, geosiyasət və Avropanın gələcəyi haqqında danışmağa həvəslidir. Lakin getdikcə daha çox fransalı daha sadə suallara cavab axtarır: həyat niyə bahalaşır, sosial təminat niyə zəifləyir və dövlət niyə uzun müddətdir yığılıb qalmış daxili problemləri həll edə bilmir? Təəssüf ki, adi tələbə aksiyaları və sosial etirazlar öz maraqlarını güdən, bəzən ölkə vətəndaşlarının real mənafelərindən uzaqlaşan müxtəlif siyasi və radikal qüvvələr üçün əlverişli platformaya çevrilir. Bununla yanaşı, uzun illər ərzində həyata keçirilmiş düşünülməmiş miqrasiya siyasətinin nəticələrini də nəzərdən qaçırmaq olmaz. Avropa hökumətləri miqrantları qəbul etsələr də, onların cəmiyyətə tam inteqrasiyasını heç də həmişə təmin edə bilməyiblər. Bu günədək yığılıb qalmış sosial ziddiyyətlər əlavə gərginlik yaradır. Belə siyasətin nəticələrinə görə məsuliyyət, ilk növbədə, hakimiyyət orqanlarının üzərinə düşür. Ən paradoksal məqam ondan ibarətdir ki, Avropa liderləri başqa ölkələrin problemlərinin həlli üçün vaxt, maliyyə və siyasi resurslar ayırırlar, lakin öz ölkələrindəki çətinliklər qarşısında getdikcə daha çox aciz görünürlər. Fransa və Almaniyada müşahidə olunan vəziyyət xarici siyasət ambisiyaları ilə əhalinin real ehtiyacları arasında yaranmış ümumavropa ziddiyyətinin daha qabarıq təzahürlərindəndir”, - deyə politoloq vurğulayıb.
Y.Boçarov deyib ki, Makronun vaxtından əvvəl istefası tələblərinin səsləndirilməsi sosial narazılığın siyasi müstəviyə keçdiyini göstərir. “Etirazçılar artıq yalnız təhsilin yaxşılaşdırılmasını və ya sosial ödənişlərin artırılmasını tələb etmirlər. Onlar ölkə rəhbərliyinin siyasi kursunu şübhə altına alırlar. Burada qanunauyğun bir sual yaranır: öz vətəndaşlarının sosial sabitliyini və etimadını təmin edə bilməyən Avropa liderlərinin başqa dövlətlərə necə idarə olunmalı və hansı dəyərləri müdafiə etməli olduqlarını öyrətməyə mənəvi haqqı varmı? Baş verənlər bütün Avropa siyasi elitası üçün ciddi xəbərdarlıqdır. Dünyanı sonsuz şəkildə yenidən qurmağa çalışaraq öz ölkəsində baş verənləri unutmaq olmaz. Gec-tez belə siyasətə görə öz xalqı qarşısında cavab vermək lazım gəlir”, - deyə Y.Boçarov bildirib.

2026-11-05 15:22:00