


Baş icraçı direktor: Qarışıq təyinatlı məkanların inkişafında müştəri ehtiyacları ilkin mərhələdən nəzərə alınmalıdır
Bakı, 5 noyabr, AZƏRTAC
Qarışıq təyinatlı məkanların inkişafında müştəri ehtiyacları ilkin mərhələdən nəzərə alınmalıdır. Biznes subyektlərinin, sakinlərin, ticarət zonalarının, ticarət mərkəzlərinin və hotel sektorunun ehtiyacları bir-birindən fərqlənir. Bu fərqli tələblərin eyni layihə çərçivəsində qarşılanması kifayət qədər mürəkkəb prosesdir.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində “Binalardan kənara baxış – dəyər yaradan məkanlar” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, biznes subyektləri üçün dayanıqlılıq və səmərəlilik, sakinlər üçün rahatlıq, təhlükəsizlik və şəxsi məkan, ticarət zonaları üçün isə müştəri axını və əlçatanlığın təmin edilməsi əsas prioritetlərdir.
“Bu baxımdan ən vacib məsələlərdən biri layihənin ilkin inkişaf mərhələsində layihələndirmə və əməliyyat komandaları arasında sıx əməkdaşlığın qurulmasıdır. Çünki ilkin mərhələdə nəzərə alınmayan məqamlar sonradan yüksək əməliyyat xərclərinə, müştəri məmnuniyyətinin azalmasına və əlavə kapital qoyuluşuna səbəb ola bilər. Bəzi hallarda bu, biznes fəaliyyətində ciddi fasilələr yarada bilər. Hər bir müştəri seqmentinin ən azı üç əsas prioriteti əvvəlcədən müəyyənləşdirilməlidir. Biznes obyektləri, yaşayış sahələri və ticarət zonaları üçün fərqli yanaşmalar tətbiq olunmalıdır. Hətta ticarət zonalarının özündə də lüks, premium və kütləvi bazar seqmentlərinin tələbləri fərqlənir”, - deyə Tural Əliyev qeyd edib.
Şirkətin baş icraçı direktoru vurğulayıb ki, müştərilərin ehtiyac və gözləntilərinin öyrənilməsi yalnız obyekt istifadəyə verildikdən sonra deyil, qarışıq təyinatlı ərazilərin yaradılması ilə bağlı strateji qərarların qəbul edildiyi ilkin mərhələdən başlanmalıdır.