


Baş prokuror Abşeronda vətəndaşları dinləyib
Bakı, 5 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 5-də Baş prokuror Kamran Əliyev Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
Əvvəlcə Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıb.
Qəbulda iştirak edən 35 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.