


FAO: Balıqçılığın davamlı inkişafı üçün məsuliyyətli akvakultura əsas prioritet olmalıdır
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq və akvakultura sahəsində genişləndirilmiş səlahiyyətləri investisiyaların, innovasiyaların və sektorun inkişafına yönələn dəstək mexanizmlərinin genişləndirilməsi üçün imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Birinci Azərbaycan Regional Akvakultura Forumunun panel iclasında çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi deyib.
O bildirib ki, akvakultura qlobal su heyvanları istehsalının yarıdan çoxunu təşkil edir.
“Su məhsulları mühüm qida maddələri ilə təminat yaratmaqla yanaşı, balıqçılıq və akvakultura milyonlarla insanın dolanışıq mənbəyidir. Kiçik istehsalçılar və balıqçılıq icmaları üçün sektorun inkişafı etibarlı gəlir, məsləhət xidmətlərinə çıxış və bazarlarda iştirak imkanlarının genişləndirilməsi demək olmalıdır. Bu prosesdə qadınların və gənclərin də dayanıqlı biznes qurmaq imkanları artırılmalıdır. Azərbaycanın Xəzər dənizi və daxili su ehtiyatlarının səmərəli idarə olunmasının vacibdir. Balıqçılığın davamlı inkişafı üçün yaşayış mühitinin mühafizəsi, məsuliyyətli akvakultura, su heyvanlarının sağlamlığı və su ehtiyatlarından səmərəli istifadə əsas prioritetlər olmalıdır”, - deyə FAO nümayəndəsi bildirib.