


Səməd Vurğun “Vaqif”i hansı ağır sınaqlar içində yazıb?
AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Bakı, 5 noyabr, AZƏRTAC
Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.
AZƏRTAC silsilə yazıların növbəti hissəsində şairin qardaşı, ictimai-siyasi xadim, tarixçi-alim və yazıçı Mehdixan Vəkilovun xatirələrinin davamını təqdim edir. O, Səməd Vurğunun “Vaqif” dramını necə qələmə almasından və tez-tez sorğu-suala çağırıldığı dövrdən bəhs edib.
“Məlum olduğu kimi, Səməd Vurğunun ilk dram əsəri “Vaqif”dir. Bu əsər 1937-ci ilin axırlarında heyrətamiz sürətlə, 3-4 həftə ərzində yazıldı. Belə böyük bir əsərin qısa müddətdə ərsəyə gəlməsi ona görə mümkün oldu ki, Səməd Vurğun illər boyu Vaqifin həyatı və yaradıcılığı haqqında düşünmüşdü. Yazacağı əsərin mövzusunu və süjet xəttini xəyalında çoxdan işləyib hazırlamışdı.
Səmədin dodaqları daim - oturanda da, gəzəndə də, məclislərdə də, hətta çörək yeyəndə də tərpənirdi. Şəxsi söhbətlər zamanı bəzən özünü dinləyirmiş kimi göstərir, müsahibinin üzünə baxsa da, fikrən başqa yerdə, öz aləmində olurdu. Buna görə də qəfildən, sanki yuxudan oyanmış kimi “hə” dedikdə, müsahibi təəccüb içində qalırdı.
Səməd Vurğun “Vaqif” dramının bütöv mətnini aşıq havası üstündə əzbərində bişirirdi. Buna görə də bir oturuma, bəzən səhərə qədər böyük bir səhnə yazılırdı. Bəli, Vaqifin taleyi üzərində dramaturq uzun müddət düşünmüşdür. O, XVIII əsr Azərbaycan tarixinə, xüsusən də Qarabağ xanlığına dair ədəbiyyatı böyük maraqla oxuyurdu. Səməd Vurğunun “Qarabağnamə”ni tapdırıb ona göndərməyi Heydər Hüseynovdan xahiş etməsi və 1936-cı ildə Vaqifin dövrü, həyatı, eləcə də bütövlükdə Qarabağ xanlığının tarixi barədə Yusif Vəzir ilə saatlarla söhbət etməsi yaxşı yadımdadır. Oxuyur, öyrənirdi.
Səməd Vurğun əvvəlcə “Şairin ölümü” şeirini yazmışdı. Hətta pyesin ilk variantını da “Şairin ölümü” adlandırmışdı.
Səməd Vurğun “Vaqif” pyesinin müzakirəsi zamanı məsələnin bu cəhətindən bəhs edərək deyirdi: “Azərbaycan poeziyasının bu böyük siması, xalqımızın doğma oğlu Vaqifin taleyi məni uzun müddət düşündürmüşdür. Bu temada bir poema yazdım. Lakin o məni təmin etmədi və düşündüyümdən zəif çıxdı. Bu zaman mən bu temada dram yazmağı qərara aldım ki, indi oynanılan bu əsər də onun nəticəsidir”.
Mehdixan Vəkilov “Vaqif” dramının yazıldığı dövrə aid bəzi mülahizələrini də bölüşüb:
“Vaqif” pyesinin yazıldığı il Səməd Vurğun Xaqani küçəsindəki 19 nömrəli binada yaşayırdı. Onun dörd otaqdan ibarət mənzili vardı. Elə bu münasibətlə də yazmışdı:
Atam öldü torpaq damda,
Özümsə dörd otaqdayam!
Bu, Səməd Vurğunun Xavər xanım Mirzəbəyova ilə evlənməsinin dördüncü ili idi. İlk övladı Yusifin üç yaşı vardı. Gənc və xoşbəxt bir ailəsi vardı. Onda artıq şöhrətli şair idi, ilham dəryası aşıb-daşırdı. Səməd gecə-gündüz “Vaqif”i yazırdı. Yorulduğu zaman saz çalır, oxuyurdu. Bəzən də məni çağırıb keçmişimizdən, uşaqlıq və gənclik illərimizdən söhbət açardı.
O günlər, o illər əsəbi və həyəcanlı idi. Azərbaycan xalqının namuslu oğulları - inqilabçılar, dövlət xadimləri, ədiblər və şairlər ağır həyat sınaqlarından keçirdilər. Nümayişlərdə, bayram təntənələrində, iclaslarda bəzi “şeytan balaları” Azərbaycan xalqının vicdan səsi olan yazıçıları - həm də kommunist və komsomolçu yazıçıları - siyasi şübhə altına almağa çalışırdılar. Belə halları xatırlayarkən Səməd Vurğunun qaşları çatılar, o, dərin düşüncələrə dalardı”.
Mehdixan Vəkilov xatirələrində qeyd edir ki, Səməd Vurğunun yüksələn sənət qüdrətinə, nüfuzuna və xalqın ona bəslədiyi məhəbbətə qısqanan “şeytan balaları” şairi yalançı millətçilik böhtanları ilə ləkələmək, onu cərgədən çıxarmaq istəyirdilər. Mənəvi iztirablar keçirən Səməd Vurğun əyilməz iradəsi, fövqəladə cəsarəti, məntiqli və təsirli çıxışları ilə əleyhdarlarının planlarını pozurdu.
“Bir dəfə onu hansı idarəyəsə çağırmışdılar. Deyəsən, 1937-ci ilin payızı idi. Vəziyyəti götür-qoy etdikdən sonra indiki Nizami Muzeyinin qarşısında ayrıldıq. Ayrılarkən Səməd məndən soruşdu:
- Ayə, bu gün papiros almağa pulum yoxdur, səndə pul varmı?
Əlimi cibimə salıb axırıncı üç manatımı ona uzatdım. Səməd pula baxaraq dedi:
-Ayə, bu pul elə bil atamın üçlüyüdür. Onun da cibində üç manatdan artıq pulu olmazdı. Bu üçlük mənə düşəcək, darıxma.
Səməd Vurğun bir növ fatalizmə uyaraq o üç manatlığa - guya atamızın üçlüyü olduğuna - bir növ tilsim kimi inanmışdı. İnsan dara düşəndə bəzən belə də olur.
Mən səhərə qədər yatmayıb Səmədi gözlədim. Nəhayət, səhər çay vaxtı gəlib çıxdı. İşin gedişini müfəssəl danışdı və əlavə etdi ki, “onlar” mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənası, rəmzidir. Yadında saxla! Mən kommunistəm, ona görə də özümü ən böyük internasionalist hesab edirəm. Bütün insanlara, xalqlara və millətlərə səadət arzulayır, bu yolda çalışıram.
Lakin bununla bərabər, mənim üçün ən müqəddəs torpaq Azərbaycandır, ən doğma xalq isə Azərbaycan xalqıdır. Onun dili və şeiri mənim vicdan səsimdir, o, mənim doğma anamdır. Əgər buna görə məni millətçi hesab etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar!
Sonralar Səmədi heç yerə sorğu-suala çağırmadılar. Lakin qələm dostlarının taleyi onu narahat edirdi. Səməd Vurğun ziddiyyətli düşüncələr içində hər gün, hər gecə qocalırdı. Məhz belə bir zamanda -od kimi yandıran iztirablar, daxili çırpıntılar və tərəddüdlər içində - “Vaqif”i yazdı. Öz taleyinə əvvəlcədən acıyan Səməd Vurğun Vidadinin dili ilə deyirdi:
Şairdir, qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var.
O ölsə, dağlar da dil deyib ağlar,
Əfv edin… yaxşılıq qalır yadigar!
Səməd Vurğun “Vaqif”i yazıb qurtardıqdan sonra əsəri bir müddət gizli saxladı. Bir dəfə bulvarda dərdləşərkən mənə dedi: “Əgər məni aparsalar, sən tez əsərimi götür və etibarlı bir yerdə gizlət. Əsərin yerini Xavər bilir. İşdir, görsən ki, sən də şübhə altındasan, onda Ruqiyyəyə (mənim həyat yoldaşıma) tapşır ki, əsəri etibarlı bir yerdə gizlətsin”.
Sonra Səməd şair xəyalı ilə gözlərini Xəzərin üfüqlərinə zilləyərək bir qədər düşündü və mənalı tərzdə əlavə etdi: “Mənim qələmimi Yuskaya (oğlu Yusifə) ver, kim bilir, mənim tamamlaya bilmədiyim işi bəlkə o tamamladı…”
Ardı var...