


Azər Bayramov: Süni intellekt yeni dünya üçün tələb olunan bacarıqları yenidən formalaşdırır
Bakı, 5 noyabr, AZƏRTAC
Süni intellektlə bağlı əsas məsələlərdən birincisi qlobal əmək bazarının tələblərinə uyğunlaşmaq üçün imkanların yaradılmasıdır. Bununla yanaşı, səmərəli fəaliyyət göstərən və proqramları həyata keçirən institutlara ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov “Dövlətin roluna yenidən baxış: dəyişən idarəetmə mühitində yeni institusional modellər” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, süni intellekt bütün sahələri dəyişdirir və yeni dünya üçün tələb olunan bacarıqları yenidən formalaşdırır. Bu isə o deməkdir ki, ömürboyu öyrənmə və bacarıqların artırılması getdikcə daha vacib olur. Eyni zamanda, bu gün süni intellekt dövlət qurumlarına daha effektiv məşğulluq xidmətləri təqdim etməkdə kömək edə bilər.
Azər Bayramov qeyd edib ki, süni intellekt texnologiyasının dövlət idarəçiliyində real dəyəri yalnız institutların inkişafında deyil, onların daha effektiv cavab verməsinə, imkanları genişləndirməsinə və bütün dünyada əməkdaşlığa töhfəyə imkan yaratmasındadır. Əlbəttə, süni intellektin imkanlarını araşdırarkən biz obyektiv və konstruktiv yanaşmanı nümayiş etdirməliyik.