×
A
A
A
Sazlamalar

Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib

Bakı, 5 noyabr, AZƏRTAC

Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin (TDTD) Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib. O, həmçinin Yaxın Şərq Orqan Transplantasiyası Cəmiyyətinin (MESOT) ölkədə əlaqələndirici ofisinin yaradılması ilə vəzifələndirilib.
AZƏRTAC-ın məlumatına görə, TDTD İdarə Heyətinin 2026-cı il avqustun 17-də verdiyi yekdil qərarla (№ 2026/002) Rəşad Şolanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyasını quruma üzv təşkilat kimi qəbul edilib.
Hər iki cəmiyyətin təsisçisi professor Mehmet Haberal 2026-cı il 19 avqust tarixli məktubunda bildirib ki, sözügedən assosiasiyanın üzvləri TDTD və MESOT-a qəbul olunacaqlar. Professor Mehmet Haberal dünyanın aparıcı transplantoloq cərrahlarından biridir. Onun adı Türkiyədə 1975-ci ildə həyata keçirilən ilk böyrək transplantasiyası, 1988-ci ildə vəfat etmiş donordan edilən ilk qaraciyər transplantasiyası və 1990-cı ildə canlı donordan edilən ilk qaraciyər transplantasiyası ilə bağlıdır. O, 1993-cü ildə Başkent Universitetinin əsasını qoyub. Bundan əlavə, professor Haberal Beynəlxalq Transplantasiya Cəmiyyətinin (The Transplantation Society) prezidenti vəzifəsində çalışıb və Amerika Cərrahlar Assosiasiyasının fəxri xarici üzvüdür. 1987-ci ildə təsis edilmiş MESOT Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və MDB ölkələrindən olan orqan transplantasiyası mütəxəssislərini bir araya gətirən beynəlxalq elmi təşkilatdır. Cəmiyyətin fəaliyyəti peşəkar təhsilin, elmi tədqiqatların və orqan donorluğunun inkişaf etdirilməsinə yönəlib. Qeyd etmək lazımdır ki, tibb elmləri doktoru Rəşad Şolan Azərbaycanda və geniş regionda urologiya və böyrək transplantasiyası sahəsində ixtisaslaşmış tanınmış alim və cərrahdır. O, ölkəmizdə bu tibb sahələrinin inkişafına mühüm töhfələr verir.

Cəmiyyət 2026-11-05 14:28:00