


ADAU-da Zəfər və Dövlət Bayrağı günləri münasibətilə tədbir təşkil edilib VİDEO
Gəncə, 5 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət Himni səsləndirilib.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında bu əlamətdar günlərin xalqımızın tarixindəki mühüm yerindən bəhs edib. O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycan xalqının birliyini, milli iradəsini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirib. Rektor üçrəngli bayrağımızın müstəqilliyimizin, milli kimliyimizin və suverenliyimizin rəmzi olduğunu vurğulayaraq, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin daim ehtiramla anılmasının vacibliyini qeyd edib.
Daha sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən şəhid Rauf Əsgərovun anası Brilliant Əsgərova Vətən uğrunda övladını itirməyin ağrısı ilə yanaşı, onun qəhrəmanlığı ilə qürur duyduğunu ifadə edib. Şəhid analarının ən böyük təsəllisinin övladlarının adının və əziz xatirəsinin daim yaşadılması olduğunu vurğulayan şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
ADAU-nun tələbəsi Eşqin Bayramov çıxışında Zəfər Gününün Azərbaycan gəncliyi üçün yalnız tarixi Qələbənin qeyd olunduğu gün deyil, həm də böyük vətəndaşlıq məsuliyyəti daşıyan əlamətdar tarix olduğunu vurğulayıb.
Tədbir universitet tələbələrinin iştirakı ilə hazırlanan bədii proqramla davam edib. Proqram çərçivəsində tələbələrin təqdimatında “Bu dağlardan o yana”, “Sən qalibsən!”, “Vur, komandir!” musiqi nömrələri, vətənpərvərlik ruhunda şeirlər və kompozisiyalar nümayiş etdirilib. Həmçinin Gəncə Dövlət Aqrar Kollecinin tələbələrinin ifasında təqdim olunan “Dərbəndi” yallı rəqsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Müxbir - Elcan Məmmədov