×
A
A
A
Sazlamalar

Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunacaq

Tbilisi, 5 noyabr, AZƏRTAC

Azərbaycanın Zəfər Günü qonşu Gürcüstanda da silsilə tədbirlərlə qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin hazırladığı tədbirlər planına uyğun paytaxt Tbilisidə, eləcə də regionlarda Zəfər Gününə həsr olunmuş teatr tamaşaları, dəyirmi masa, konfrans və seminarlar təşkil ediləcək.
Tədbirlər planına uyğun olaraq ilk tədbir noyabrın 6-da keçiriləcək. Tbilisidə səfirliyin təşəbbüsü və AZEB-nin dəstəyi ilə “Era Tatrı” tərəfindən hazırlanmış “Koordinat 44” adlı tamaşa nümayiş etdiriləcək.
Dekabrın 7-də isə Marneulidəki Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “Zəfərdən Doğan Qürur” adlı iki hissədən ibarət təntənəli tədbir keçiriləcək.
Bundan başqa, yenə də paytaxt Tbilisidə, Bolnisi, Qardabani, Marneuli və digər bölgələrdəki Azərbaycan icma mərkəzlərində Zəfər Gününə həsr edilmiş tədbirlər təşkil olunacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Cəmiyyət 2026-11-05 13:46:00