


Bakıda beynəlxalq sammitdə dövlət idarəçiliyinin gələcəyi və institusional islahatlar müzakirə olunub VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Bakıda “ASAN xidmət” və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit çərçivəsində “İdarəetmənin gələcəyi: baxış, missiya və transformasiya” mövzusunda nazirlərin çıxışları dinlənilib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə Türkiyə, Macarıstan, Şri-Lanka, Qvineya və Seneqalı, eləcə də Nyu-York Dövlət Universitetini təmsil edən nümayəndələr iştirak ediblər. Tədbirdə dövlət idarəçiliyinin gələcəyi, 2040-cı ilədək dövlət institutlarının inkişaf perspektivləri və idarəetmə sistemlərinin transformasiyası məsələləri müzakirə olunub.
Çıxışlarda dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, texnoloji tərəqqi, sosial dəyişikliklər və qlobal qeyri-müəyyənlik şəraitində meydana çıxan əsas çağırışlar diqqət mərkəzində olub.
Bununla yanaşı, dövlət institutlarının müasirləşdirilməsi, dövlət qulluğunda islahatların həyata keçirilməsi, eləcə də sürətlə dəyişən dünyada daha çevik, səmərəli və vətəndaşyönümlü idarəetmə sistemlərinin formalaşdırılması yolları nəzərdən keçirilib.