


Qvineya 2040-cı ilədək dövlət xidmətlərini “ASAN xidmət” modeli əsasında modernləşdirməyi hədəfləyir
Bakı, 5 noyabr, AZƏRTAC
Qvineya üçün 2040-cı il bir baxış və öhdəlikdir. Bu, “Simandou 2040” adlı inkişaf proqramı çərçivəsində irəli sürülən milli ambisiyadır.
AZƏRTAC xəbər verir ki, bunu Qvineyanın inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Buruno Bakıda keçirilən “İdarəetmənin gələcəyi: baxış, missiya və transformasiya” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, bu proqram 122 meqalayihəni, eləcə də hazırda başlanılan və həyata keçirilməkdə olan 36 əsas islahatı əhatə edir. Proqramın məqsədi 2040-cı ilədək Qvineyanı inkişaf etmiş, dövlət xidmətlərinin bütün vətəndaşlar üçün əlçatan olduğu ölkəyə çevirməkdir.
Qvineyalı nazir qeyd edib ki, 2026-cı ilin martında Azərbaycanda keçirilən seminarda iştirak edib. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” imzalanıb. O bildirib ki, bu layihə “vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin təşkili modelinə əsaslanır. Bu model dövlət qurumları arasında əməkdaşlığı gücləndirməyə, birgə mexanizmlərin və alətlərin yaradılmasına imkan verir.