


® Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova oktyabrın 26–28-i Türkiyənin İstanbul şəhərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Baş İdarəsi tərəfindən təşkil olunan Neonatal Reanimasiya Proqramı (NRP) üzrə təlimçi təlimində iştirak edib.
Təlim çərçivəsində yenidoğulmuşların doğuş zalında ilkin qiymətləndirilməsi və stabilizasiyası, neonatal reanimasiya alqoritmləri, effektiv ventilyasiya, ürək ritminin qiymətləndirilməsi, döş qəfəsinin kompressiyası, endotraxeal intubasiya, dərman müdaxilələri, eləcə də reanimasiya zamanı komanda işi və səmərəli kommunikasiyanın təşkili məsələləri tədris olunub. Proqram nəzəri biliklərlə yanaşı, simulyasiya məşğələlərini və klinik ssenarilər üzrə praktiki çalışmaları da əhatə edib. Təlimdə Türkiyənin müxtəlif tibb müəssisələrindən 25 NRP təlimçisi iştirak edib.
Qeyd edək ki, rəis müavini Nahidə Mahmudovanın təlimdə iştirakı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 2026–2030-cu illər üzrə İnkişaf Strategiyasının və 2026-cı il Tədbirlər Planının müvafiq istiqamətinin icrasına xidmət edir.