


Azərbaycanın Zəfər Günü İsraildə qeyd olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanın İsraildəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan ziyafət təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsraildə yaşayan Azərbaycan diasporunun nümayəndələri, həkimlər, elm adamları, jurnalistlər, ictimai fəallar, biznes və incəsənət nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra səfir Muxtar Məmmədov tədbirdə çıxış edib, Zəfər Gününün əhəmiyyətindən danışıb.
Daha sonra iştirakçılara Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib. Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov Azərbaycan klassik və xalq mahnılarını ifa edib.