


Sahib Ələkbərov: Neftin qiyməti 65 dollar götürülməklə makroiqtisadi sabitliyin qorunması hədəflənir
Bakı, 5 noyabr, AZƏRTAC
Proqnozlar hazırlanarkən xarici iqtisadi mühitdəki risklər nəzərə alınıb, neftin qiyməti baza ssenarisində bir barrel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb. Bu yanaşma makroiqtisadi sabitliyin qorunmasına, dövlət büdcəsinin xarici qiymət şoklarından sığortalanmasına yönəlib.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini qeyd edib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq sahibkarlığın dəstəklənməsi, investisiya mühitinin yaxşılaşdırılması, sənaye infrastrukturlarının genişləndirilməsi və ixracın təşviqi istiqamətində də tədbirlər həyata keçirilir.
“Sahibkarlar üçün kredit faizlərinin subsidiyalaşdırılması və ixrac xərclərinin kompensasiyası üzrə yeni mexanizmlər tətbiq olunur. 2027–2030-cu illərdə minimum sosial standartların dəyəri haqqında danışan S.Ələkbərov qeyd edib ki, bu standartlar təsdiq olunmuş qaydalara uyğun olaraq yaşayış minimumu, minimum əməkhaqqı, ehtiyac meyarı, habelə sosial müavinətlərin və təqaüdlərin minimum məbləğlərinə əsasən proqnozlaşdırılırlar”, - deyə Sahib Ələkbərov vurğulayıb.
Foto – Aydın Məmmədov