


Nazir müavini: Əhalimizin real gəlirləri 3,7 faiz artıb
Bakı, 5 noyabr, AZƏRTAC
Orta illik inflyasiya nəzərə alınmaqla əhalimizin real gəlirləri 3,7 faiz artıb. Sentyabr ayında 12 aylıq inflyasiya 5,5 faiz olmaqla Mərkəzi Bankın hədəf diapazonunda qalıb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, əmək bazarında baş verən müsbət dəyişikliklər sosial sığorta sisteminin maliyyə dayanıqlığına da öz müsbət təsirini göstərir.
“Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,5 faiz artaraq 5 milyard manata çatmış, proqnoz 105,6 faiz icra olunub. Sosial sığorta daxilolmalarının davamlı artması Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanlarını gücləndirir. Bunun nəticəsində fondun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 9 ayında 20 faizə enib ki, bu da müsbət hal kimi dəyərləndirilməlidir. Bu dinamika sosial sığorta sisteminin öz gəlirləri hesabına maliyyələşmə imkanlarının genişləndiyini göstərir.
2027-ci ildə iqtisadi artımın 2,7 faiz, 2027–2030-cu illərdə isə orta hesabla 3,3 faiz artacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunda orta illik artımın 4,4 faiz təşkil edəcəyi gözlənilir. İqtisadi artıma əsasən qeyri-neft sənayesi, nəqliyyat, logistika, turizm, informasiya və rabitə sahələrinin artımı bu işlərə müsbət təsir göstərəcək”, - deyə S.Ələkbərov qeyd edib.
Foto – Aydın Məmmədov