×
A
A
A
Sazlamalar

Arif Əsədov: “Sabah” Norveçdə ən azı bir xal qazanmağa layiq idi

Bakı, 5 noyabr, AZƏRTAC
Düşünürəm ki, oyunun əsas dönüş nöqtəsi qırmızı vərəqə və penalti oldu. İlk hissədə komandalar bərabər səviyyədə mübarizə aparırdılar. Bəli, “Vikinq” doğma meydanda oynadığı üçün topa daha çox nəzarət edirdi, ərazi üstünlüyünə malik idi. Amma “Sabah” oyunu elə qurmuşdu ki, topu ələ keçirən kimi sürətli əks-hücumlara keçirdi. Bu taktika da effekt verirdi. Komanda qolunu da məhz əks-hücumdan vurdu. Bundan başqa, bir neçə dəfə rəqibi müdafiədə say üstünlüyü ilə yaxalamaq imkanı yarandı. Lakin “Sabah” həmin epizodlardan yararlana bilmədi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə məğlub olduğu oyunu şərh edərkən deyib.
Mütəxəssis bildirib ki, “Vikinq”in üstün cəhətlərindən biri cinahlardan hücumlar qurması olub: “Çünki komandanın hücumda başla yaxşı oynayan iki forvardı var. Qollarından birini də cinahdan edilən ötürmənin ardından vurdular. Ümumilikdə 70-ci dəqiqəyə qədər bərabər oyun gedirdi. Qırmızı vərəqə və penalti isə matçın gedişinə ciddi təsir göstərdi. “Sabah” 1:2 hesabı ilə geriyə düşəndən sonra qol vurmaq üçün irəli atıldı. Nəticədə həm azlıqda qalması, həm də arxada boşluqlar yaranması rəqibə bundan istifadə etmək imkanı verdi. Həqiqətən də “Sabah” ən azı bir xal qazanmağa layiq idi. Oyunun ilk 70 dəqiqəsini nəzərə alsaq, komanda oradan xalla qayıda bilərdi. İndi qarşıdakı oyunlara baxmaq lazımdır. Bu cür qarşılaşmalarda fərdi səhvlər də həlledici rol oynayır. Rəqiblər belə səhvləri bağışlamırlar. “Sabah”ın qapısına vurulan qolların iki-üçü məhz fərdi səhvlərdən sonra qeydə alındı”.
Qeyd edək ki, Bakı klubu Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də Bakıda İspaniya nəhəngi "Barselona"ya qarşı keçirəcək.

İdman 2026-11-05 12:48:00