


Nazir müavini: Neft-qaz sektorunda 1,2 faiz azalmaya baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım olub
Bakı, 5 noyabr, AZƏRTAC
Dünyada baş verən xoşagəlməz hadisələrə və onun iqtisadiyyatımıza təsirsiz ötüşməməsinə baxmayaraq, cari ilin 9 ayında ümumi daxili məhsul 1,5 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, neft-qaz sektorunda 1,2 faiz azalmaya baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım qeydə alınıb.
“Artım əsasən emal sənayesi, nəqliyyat və rəqəmsal xidmətlər hesabına təmin edilib. Qeyri-neft-qaz sənayemiz 6,3 faiz, nəqliyyat 10 faiz, informasiya və rabitə 11,1 faiz artıb. İqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının mühüm şərtlərindən biri investisiya fəallığıdır. Cari ilin 9 ayında əsas kapitala investisiyalar real ifadədə 10,9 faiz, qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə təqribən 21 faiz artıb. Bu investisiyalar yeni istehsal və xidmət sahələrinin inkişafına, regionlarda iqtisadi fəallığın və məşğulluğun genişlənməsinə imkan yaradır”, - deyə nazir müavini əlavə edib.
Foto – Aydın Məmmədov