


Seulda 8 Noyabr - Zəfər Günü qeyd olunub
Pekin, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Seulda 8 Noyabr - Zəfər Günü təntənəli tədbirlə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Koreyanın dövlət qurumlarının, siyasi, iqtisadi, elmi, mədəni dairələrinin, Seulda fəaliyyət göstərən diplomatik korpusun, Koreya mətbuatının və Azərbaycan diasporunun təmsilçiləri, eləcə də bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.
Səfir Ramin Həsənov 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərin qeyd olunduğu günün Azərbaycanın Ermənistanın əsassız ərazi iddialarından irəli gələrək işğal, qətliam və etnik təmizləməyə məruz qaldığı ədalətsizliyə son qoyulmasını və beynəlxalq hüququn qələbəsini simvolizə etdiyini vurğulayıb. Bu yolda Azərbaycan xalqının polad iradə və fövqəladə qəhrəmanlıq nümayiş etdirdiyini bildirib, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verənlərin əziz xatirəsini yad edib.
Diplomat Ermənistanla 30 ildən çox davam edən münaqişənin başa çatmasından sonra Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında aparılan sülh danışıqlarının gedişatı, Prezident İlham Əliyevin tarixi Vaşinqton səfərində əldə edilmiş razılaşmalar, sülh sazişinin imzalanması üçün Ermənistanın atmalı olduğu addımlar barədə məlumat verib.
Həmçinin Ermənistanın işğalı zamanı viran edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası, məcburi köçkünlərin geri qayıtması, ərazilərin minalardan təmizləməsi, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası kimi çağırışlar diqqətə çatdırılıb.
Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsini əks etdirən fotoşəkillər nümayiş etdirilib, qonaqlara ölkəmizə dair çap materialları təqdim olunub.
Tədbir Azərbaycanın korifey bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.