×
A
A
A
Sazlamalar

Naxçıvan Regional Dost Mərkəzinə 8 minə yaxın müraciət daxil olub

Naxçıvan, 5 noyabr, AZƏRTAC

Cari il avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilmiş Naxçıvan Regional DOST Mərkəzində 15 istiqamət üzrə 164 xidmət göstərilir. Vətəndaş məmnunluğu göstəricisi 99 faizdən yüksəkdir. Fəaliyyətə başladığı vaxtdan indiyədək mərkəzə vətəndaşlardan 8 minə yaxın müraciət daxil olub. Müraciətlərin əksəriyyəti sosial müdafiə, pensiya və əmək məşğulluğu istiqamətləri ilə bağlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini Şamil Əliyev deyib.
O qeyd edib ki, vətəndaşlar hər hansı nazirliyin digər qurumlarına getmədən, vahid məkanda, “bir pəncərə” prinsipi əsasında müxtəlif xidmətlərdən yararlana bilirlər. Mərkəzdə əsas fəaliyyət istiqamətləri ilə yanaşı, vətəndaşlara funksional və yardımçı xidmətlər də təqdim olunur.
“Məlumat üçün bildirim ki, 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində xidmətlərin daha əlçatan olması məqsədilə DOST qəbul şöbələrinin yaradılması planlaşdırılır”, - deyə Şamil Əliyev əlavə edib.


Müxbir - Nail Əsgərov

Regionlar 2026-11-05 12:08:00