×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərdə 13 radio və televiziya yayım stansiyası fəaliyyət göstərir

Bakı, 5 noyabr, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə 13 radio və televiziya yayım stansiyası fəaliyyət göstərir
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio-Televiziya Yayımı və Peyk Rabitəsi müəssisəsinin rəisi Əlibaba Əliyev Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda respublika elmi-praktik konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan radiosunun 100 illik yubileyi ölkənin media, mədəniyyət və texnoloji inkişaf tarixində xüsusi yer tutur. Ötən bir əsr ərzində radio və televiziya milli-mənəvi dəyərlərin qorunmasında, Azərbaycan dilinin və mədəniyyətinin təbliğində, cəmiyyətin məlumatlandırılmasında və milli media məkanının formalaşmasında mühüm rol oynayıb. Sürətlə inkişaf edən informasiya texnologiyaları radio və televiziya sahəsində yeni imkanlar açır. Müasir yayım infrastrukturu, rəqəmsal texnologiyalar və innovativ həllər milli televiziya və radio proqramlarının daha geniş auditoriyaya yüksək keyfiyyətlə çatdırılmasına xidmət edir.
Müəssisə rəisi vurğulayıb ki, ölkədə radio və televiziya yayım infrastrukturunun modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və birbaşa göstərişi ilə Bakı Teleqüllə Kompleksinin ikinci mərhələsinin başa çatdırılaraq 1996-cı ildə istifadəyə verilməsi bu sahənin inkişafında mühüm mərhələ olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkənin radio və televiziya yayım infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib, müasir texnoloji imkanlar genişləndirilib. Dövlət başçısının 2023-cü il 24 iyul tarixli Sərəncamı radio yayımı şəbəkəsinin genişləndirilməsinə, milli radio proqramlarının regionlarda əlçatanlığının artırılmasına və yayım imkanlarının təkmilləşdirilməsinə mühüm təkan verib.
Ə.Əliyev əldə olunan nailiyyətlər sırasında rəqəmsal televiziya yayımına keçidin tamamlanmasını, rəqəmsal radio yayımı texnologiyalarının tətbiqini və yayım şəbəkəsinin ardıcıl modernləşdirilməsini xüsusi qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə radio və televiziya yayım infrastrukturunun bərpası və yenidən qurulmasının da əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Böyük Qayıdışa dair Dövlət Proqramının uğurlu icrası çərçivəsində həmin ərazilərdə artıq 13 stansiyanın fəaliyyəti təmin edilib. Həyata keçirilən layihələr işğaldan azad edilmiş ərazilərdə müasir yayım imkanlarının yaradılmasına, əhalinin milli televiziya və radio proqramlarına çıxışının təmin edilməsinə xidmət edir.
O qeyd edib ki, infrastruktur operatoru kimi Teleradio ölkədə radio və televiziya yayımının dayanıqlılığının, fasiləsizliyinin və yüksək keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. Fəaliyyətin əsasını müasir texnologiyaların tətbiqi, infrastrukturun etibarlılığının artırılması və yayım xidmətlərinin davamlı inkişafı təşkil edir.
Müəssisə rəhbəri qarşıdakı illərdə müasir texnologiyaların tətbiqi və yayım imkanlarının genişləndirilməsinin bu sahədə yeni nailiyyətlərə yol açacağına əminliyini ifadə edib.

Müxbir -Tünzalə Arazlı
Fotoqraf - Orxan Kərimov

Elm və təhsil 2026-11-05 12:05:00