×
A
A
A
Sazlamalar

Deputat: Yoxsulluq səviyyəsini qorumaq əsas vəzifələrdən biridir

Bakı, 5 noyabr, AZƏRTAC
Etiraf etmək lazımdır ki, ən təsirli sosial siyasət düzgün, effektiv iqtisadi siyasətdir. Bu, həm də effektiv makroiqtisadi siyasətdir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, maliyyə sabitliyi təmin olunmasa, iqtisadi fəallıq yüksək səviyyədə qorunub saxlanılmasa, iqtisadi artım dayanıqlı olmasa, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini də təmin etmək mümkün olmaz.
“Maliyyə sistemi baxımından sosial müdafiə fondları, bütövlükdə sosial fondlar özü də dövlət maliyyə sisteminin, yəni icmal büdcənin tərkib hissəsidir. Bu baxımdan, biz bir tərəfdən büdcənin sosial aspektlərini dəyərləndirməklə yanaşı, həm də sosial müdafiə sistemi üçün əhalinin rifahının yüksəldilməsi üçün də maliyyə dayaqları, iqtisadi əsasların formalaşdırılması ilə bağlı təbii ki, mövqeyi ortaya qoymalıyıq. Yeni dövrün tələblərini, çağırışlarını nəzərə almalıyıq. Bu illər ərzində Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində çox mühüm, möhtəşəm nəticələr əldə olunub. Bu istiqamətdə neft bumu, neft gəlirlərimiz də çox böyük olub. Vaxtilə 49 faiz təşkil edən işsizlik səviyyəsini 5 faizə kimi endirmək imkanımız olub. Yeni mərhələdə yoxsulluq səviyyəsini qoruyub saxlamaq və daha minimal səviyyənin təmin edilməsi əsas vəzifələrdən biridir”, - deyə Azər Əmiraslanov qeyd edib.

Foto – Aydın Məmmədov

İqtisadiyyat 2026-11-05 12:05:00