


Azərbaycan Biznesinin İnkişafı Fondu sahibkarlar üçün yeni “Yaşıl kredit” məhsulunu təqdim edib
Bakı, 5 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək və yaşıl layihələrin reallaşmasına dəstək vermək məqsədilə yeni “Yaşıl kredit” məhsulunu təqdim edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, bu kredit məhsulu çərçivəsində sahibkarlara 50 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5 faizədək faiz dərəcəsi ilə kreditlər veriləcək. Sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə borcun əsas hissəsinin ödənilməsinə möhlət ala bilərlər. Bu imkan layihələrin ilkin mərhələsində sahibkarların maliyyə yükünü azaldır. Kredit məbləğinin 50 faizədək hissəsi tikinti və təmir xərclərinə yönəldilə bilər. 500 min manatdan yuxarı kredit məbləği üçün sahibkarlar layihənin ümumi dəyərinin ən azı 20 faizini öz vəsaitləri hesabına təmin etməlidirlər.
“Yaşıl kredit” iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, bərpaolunan enerji, resurslardan səmərəli istifadə, karbon emissiyasının və tullantıların azaldılması kimi istiqamətlərdə layihələrin əsaslı xərclərinin maliyyələşdirilməsinə yönəlib. Bu maliyyələşmə mexanizmi yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinə, ekoloji cəhətdən dayanıqlı biznes modellərinin inkişafına və sahibkarların yaşıl transformasiya prosesində iştirakının təşviqinə imkan verəcək.
ABİF güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə ölkənin biznes mühitinə maliyyə dəstəyi göstərən əsas dövlət qurumlarından biridir. Fondun fəaliyyəti Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafını təşviq etməyə, idxalı əvəzləyən və ixracyönümlü layihələri dəstəkləməyə, həmçinin yerli bizneslərin rəqabət qabiliyyətini gücləndirməyə yönəlib. Qurum həmçinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsində, özəl sektor investisiyalarının təşviqində və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır.
ABİF və onun fəaliyyəti, o cümlədən bu kredit məhsulu və müvəkkil kredit təşkilatları barədə daha çox öyrənmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://abdf.gov.az/az.