×
A
A
A
Sazlamalar

Nazir: Akvakultura sahəsində məhsul ixracının artırılması nəzərdə tutulur VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC

Akvakultura sahəsində məhsul ixracının 2030-cu ilə nəzərdə tutulan dövlət proqramı çərçivəsində artırılması planlaşdırılır və bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, sentyabr ayında Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 2027-ci il yanvarın 1-dən etibarən balıqçılıq və akvakultura sahəsinə subsidiya və güzəştlərin tətbiqi nəzərdə tutulub: “Balıqçılıq və akvakultura sektorunda istifadə edilən avadanlıq və texnologiyaların dövlət güzəşti ilə təmin olunması, həmçinin müxtəlif balıq növlərinə görə məhsul subsidiyasının ayrılması hədəflənir. Qızılbalıqkimilər və nərəkimilər balıqlarına hər tona görə 2000 manat, şəkərkimilər və nərəkimilər balıqlarına isə hər tona görə 600 manat məhsul subsidiyasının verilməsi 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq. Bütövlükdə görülən bu tədbirlər Azərbaycanda peşəkar akvakultura təsərrüfatlarının genişlənməsinə, sayının artmasına və məhsuldarlığın yüksəlməsinə səbəb olacaq”.
M.Məmmədov, həmçinin əlavə edib ki, cari ildə "Balıqçılıq və akvakultura haqqında" Qanun yenilənərək yeni qanun qəbul olunub və bunun hesabına sektorda fəaliyyət göstərmək əhəmiyyətli dərəcədə asanlaşdırılacaq.

İqtisadiyyat 2026-11-05 11:52:00