


Səudiyyə Ərəbistanı Suriyaya 403 milyon dollardan çox güzəştli kredit ayırıb
Bakı, 5 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının İnkişaf Fondu Suriya Maliyyə Nazirliyi ilə ümumi dəyəri 403 milyon dolları ötən altı güzəştli kredit sazişi imzalayıb.
AZƏRTAC “Bloomberg Sharq”a istinadla xəbər verir ki, sənədlər Suriya Prezidenti Əhməd əl-Şəraanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda, vəliəhd Məhəmməd bin Salmanın iştirakı ilə imzalanıb. Vəsaitin 105 milyon dolları 25 mülki müdafiə mərkəzinin tikintisi və bərpasına, 100 milyon dolları xəstəxana və tibb mərkəzlərinin yenilənməsinə, 90 milyon dolları Hələb istilik elektrik stansiyasının bərpasına, 60 milyon dolları zərər çəkmiş 10 minədək yaşayış evinin təmirinə ayrılacaq.
Bundan başqa, su təchizatı sisteminin yenilənməsi və 300 min ağıllı su sayğacının quraşdırılması üçün 30 milyon dollar, dövlət maliyyə xidmətlərinin rəqəmsallaşdırılması layihəsinə isə 18 milyon dollardan çox vəsait nəzərdə tutulub. Layihələr çərçivəsində 7 milyondan çox insanın mülki müdafiə xidmətlərindən, 5 milyon nəfərin elektrik enerjisi təchizatından, 1,5 milyon nəfərin isə yenilənmiş su təchizatı sistemindən faydalanacağı gözlənilir.
Suriya maliyyə naziri Məhəmməd Yasir Bərniyə daha əvvəl bildirmişdi ki, Səudiyyə Ərəbistanı ilə ümumi dəyəri 1,5 milyard dollar olan inkişaf layihələrinin növbəti aylarda həyata keçirilməsi planlaşdırılır.