×
A
A
A
Sazlamalar

BDU-da “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda konfrans işə başlayıb

Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda respublika elmi-praktik konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində BDU-nun rektoru Elçin Babayev xalqımızın ictimai-mədəni həyatında mühüm yer tutan Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib. O, Azərbaycan radiosunun yubileyinin məhz BDU-da qeyd olunmasının təsadüfi olmadığını vurğulayaraq radioyayımın təşəkkülü və inkişafının universitetin tarixi ilə sıx bağlı olduğunu bildirib.
Rektor qeyd edib ki, radionun ilk əməkdaşları, o cümlədən ilk diktorlarının əksəriyyəti Bakı Darülfünunun, indiki Bakı Dövlət Universitetinin məzunları olublar. Onlar Azərbaycan radiojurnalistikasının peşəkar ənənələrinin formalaşmasına mühüm töhfələr veriblər. BDU uzun illər radio və televiziya sahəsi üçün ixtisaslı jurnalist kadrlarının hazırlanmasında aparıcı rol oynayıb. Universitetin Jurnalistika fakültəsinin alimləri də radio və televiziya jurnalistikasının nəzəri və praktik problemlərinin araşdırılmasında mühüm xidmətlər göstəriblər.
Elçin Babayev vurğulayıb ki, ötən əsrin 50-ci illərinin ortalarında televiziya geniş yayılmağa başlayana qədər radio dünyanın əsas informasiya və kommunikasiya vasitələrindən biri olub. Azərbaycanda da uzun müddət ictimai-siyasi informasiyanın əsas yayım vasitələrindən biri kimi fəaliyyət göstərən radio sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq, milli mədəniyyətin, mənəvi dəyərlərin və ana dilinin qorunub yaşadılmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan ədəbi dilinin inkişafı, klassik musiqinin, muğam sənətinin, folklorun və zəngin ədəbi irsin geniş auditoriyaya çatdırılması radionun tarixi xidmətlərindəndir. Peşəkarlıq ənənələri, sözə və dinləyiciyə hörmət, elmə və maarifçiliyə xidmət prinsipləri bu gün də Azərbaycan radiosunun ən böyük mənəvi sərvətlərindəndir.
Rektor bildirib ki, müasir dövrdə Azərbaycan radiosunun qarşısında zəngin ənənələri qorumaqla yanaşı, yeni nəsillərin maraq və ehtiyaclarına uyğun inkişaf etmək kimi mühüm vəzifələr dayanır. Xüsusilə tarixi əhəmiyyətli hadisələrin işıqlandırılmasında, ictimai fikrin formalaşdırılmasında və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında radionun rolu böyükdür.
Elçin Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin milli teleradio yayımının zəngin tarixi ənənələrinin qorunmasına və müasir informasiya məkanının tələblərinə uyğun inkişafına əlverişli şərait yaratdığını diqqətə çatdırıb. O, bir əsrlik şərəfli tarixə və zəngin peşəkarlıq ənənələrinə malik Azərbaycan radiosunun bundan sonra da milli mədəniyyətin, ana dilinin, elmin və maarifçiliyin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Açılış mərasimində Azərbaycan radiosunun tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfrans çərçivəsində Bakı Dövlət Universiteti ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında yeni əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, respublika elmi-praktik konfransının məqsədi Azərbaycan radiosunun bir əsrlik inkişaf yolunu, milli yaddaşın qorunmasında rolunu və rəqəmsal media mühitində qarşısında duran çağırışları elmi-praktik müstəvidə müzakirə etməkdir.
Konfrans üç bölmə üzrə təşkil olunub. “Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş”, “Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri”, “Çağdaş radioyayım: rəqəmsal transformasiya, ənənə və müasir çağırışlar” adlı bölmələrdə alimlərin, tədqiqatçıların, doktorant və magistrantların məruzələri dinlənilir.
Müzakirələrdə radiojurnalistikanın tarixi, milli-mənəvi dəyərlərin təbliği, informasiya etibarlılığı, peşə etikası, rəqəmsal audioyayım, podkastinq, süni intellektin radio və televiziya jurnalistikasına təsiri, eləcə də yeni media texnologiyalarının yaratdığı imkanlar və çağırışlar diqqət mərkəzindədir.
Konfransın noyabrın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də davam etdirilməsi nəzərdə tutulub.

Müxbir -Tünzalə Arazlı
Fotoqraf-Orxan Kərimov

Elm və təhsil 2026-11-05 11:44:00