


“Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
Bakı, 5 noyabr, AZƏRTAC
Müasir dövrdə dil sistem-struktur paradiqması çərçivəsində qrammatik sistem olmaqla yanaşı, insan təfəkkürü etnik kimlik, mədəniyyət, psixologiya və cəmiyyətlə qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistem olaraq tədqiq edilir. Azərbaycan dilçiliyində müasir dilçilik istiqamətlərinə həsr olunmuş əsər və monoqrafik tədqiqatlarda həmin istiqamətlərin əsas parametrləri müəyyənləşdirilsə də, onların nəzəri əsaslarını və səciyyəvi xüsusiyyətlərini kompleks şəkildə əks etdirən ümumiləşdirici tədqiqat əsəri mövcud deyildi. Bu baxımdan Nizami Cəfərov, Azad Məmmədov və Qismət Cəfərov tərəfindən yazılmış “Müasir dilçilik istiqamətləri (interdisiplinar və antroposentrik araşdırma təcrübəsi)” adlı fundamental əsər bu sahədəki boşluğu doldurmaqla yanaşı, müasir dilçilik istiqamətlərini əhatə etmək baxımından da mühüm əhəmiyyətə malikdir. Bu kitabı Azərbaycan dilçiliyində irəliyə sürülmüş ilk və müsbət təşəbbüs kimi qiymətləndirmək olar.
Bu fikirlər Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Afət Ələkbərovanın AZƏRTAC-a təqdim etdiyi “Müasir dilçiliyə yeni baxış: nəzəriyyələr və istiqamətlər” sərlövhəli yazısında yer alıb. Məqalədə qeyd olunub ki, “Müasir dilçilik istiqamətləri (interdisiplinar və antroposentrik araşdırma təcrübəsi)” kitabı dilin sosial-psixoloji aspektlərini araşdırmaqla yanaşı, etnolinqvistika, sosiolinqvistika, psixolinqvistika, praqmalinqvistika, mifolinqvistika, biolinqvistika kimi müasir dilçilik istiqamətlərini əhatə edən və dilçiliyin aktual problemlərinə həsr olunmuş fundamental tədqiqat əsəridir.
Əsərin dilçi-alim Nizami Cəfərov tərəfindən yazılmış “Etnolinqvistika” bölməsində etnosun etnogenetik prosesin yekunu olduğu göstərilir və hər hansı xalqın etnik mənşəyinin düzgün metodologiya ilə araşdırılması üçün “etnogenez”dən “etnos”a yox, “etnos”dan “etnogenez”ə (retrospektiv) prinsipi əsas götürülür. Belə ki, əsərdə “Etnogenezis nəzəriyyə”sində deduksiya deyil, induksiya metoduna əsaslanmağın daha düzgün olduğu irəli sürülür.
Kitabda diqqəti cəlb edən məqamlardan biri də 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin xalqa müraciət mətnlərinin sosiolinqvistika prinsipləri əsasında təhlil edilməsidir. Bu müraciətdə təkcə müasir Azərbaycanın liderinin səsi deyil, həm də əsrlərin dərinliyindən gələn əcdadlarımızın genetik kodu, əzmi və qətiyyəti əks olunur. Akademik Nizami Cəfərov həmin mətnlərin ideya-məzmununu və dil-üslub xüsusiyyətlərini çox ustalıqla təhlilini və şərhini apararaq sonda bu nəticəyə gəlir: “Cəsarətlə demək olar ki, Prezidentin silsilə müraciətləri, bir tərəfdən, ən yeni dövr Azərbaycan tarixinin ən mötəbər mənbələri, digər tərəfdən müasir Azərbaycan dilinin ən mükəmməl nitq abidələridir ki, milli mütəşəkkillik ruhunun ən dərin qatlarından gəlir”.
Uzun illər nəzəri və tətbiqi dilçilik, koqnitiv dilçilik, mətn və diskurs sahələrində araşdırmalar aparan tanınmış alim Azad Məmmədov kitabın “Tətbiqi dilçiliyin müasir problemləri” hissəsində müasir dilçiliyin inkişaf istiqamətlərini müəyyən edən mühüm məsələlərə toxunur. Burada dil və kompüter, süni intellekt, tərcümənin müasir problemləri, mətnin maşın tərcüməsi obyekti kimi tədqiqi, xarici dilin öyrənilməsi və tədrisi məsələləri müasir dövr dilçiliyinin aktual problemləri kontekstində yığcam şəkildə təhlil edilir və onların elmi-praktik əhəmiyyəti göstərilir.
Kitabda istedadlı alim Qismət Cəfərov tərəfindən yazılmış “Biolinqvistika” hissəsində də “Universal qrammatika” nəzəriyyəsinin yaradıcısı Noam Xomskinin “Təbiət və dil haqqında” kitabının dərin elmi-nəzəri təhlili verilib. Müəllif Noam Xomskinin əsəri fonunda yeni sahənin özünəməxsus mövzu-problemlərinin hüdudlarını müəyyənləşdirərək, biolinqvistikanın nəzəri məsələlərinə konseptual baxış nümayiş etdirir. Diqqətəlayiqdir ki, gənc tədqiqatçı Qismət Cəfərov N.Xomskinin fərqli elmi yanaşmalar nümayiş etdirən bütün mülahizələrini izləyərək, görkəmli alimin qrammatika və ümumən linqvistik nəzəriyyəsindəki deduktivliyi haqqında oxucuda aydın təsəvvür yarada bilib.
Kitabda yer alan sitatların əhatəli təhlili, araşdırmaların elmi dərinliyi, müqayisələrin sistemliliyi və ideya-metodoloji əsasları oxucuya müəlliflərin təqdim etdikləri dilçilik istiqamətlərinin parametrlərini bütövlükdə dərk etməyə imkan verir. Əsər müasir elm sahələrinin mövcud sərhədlərini, həmçinin onun perspektivlərini müəyyənləşdirən mühüm tədqiqat əsəridir.
Sonda onu qeyd etmək istərdik ki, Nizami Cəfərov, Azad Məmmədov və Qismət Cəfərovun ərsəyə gətirdikləri “Müasir dilçilik istiqamətləri (interdisiplinar və antroposentrik araşdırma təcrübəsi) adlı fundamental əsər dilçilik elminə əvəzsiz töhfədir.