×
A
A
A
Sazlamalar

“Zəfərin toponimik izləri”: azad olunmuş torpaqların coğrafi adları araşdırılır

Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “YENİ Klub”unun Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələri üzrə üzvlərinin təşkilatçılığı ilə “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Zəfərin toponimik izləri” adlı tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun zəngin toponimik irsinə, coğrafi adların mənşəyinə, tarixi və etimoloji xüsusiyyətlərinə həsr olunan tədbir əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov Qarabağ və Şərqi Zəngəzurun tarixi-coğrafi irsinin, bölgənin coğrafi adlarının araşdırılmasının tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti Elxan Nuriyev mövzu ilə bağlı geniş məruzə edib. O, azad edilmiş ərazilərimizdəki coğrafi adların yaranma tarixi, etimoloji xüsusiyyətləri, bu adların xalqımızın etnik mənsubiyyətini və mədəni keçmişini əks etdirməsi barədə ətraflı məlumat verib. Dosent bölgənin toponimik irsinin qorunmasının tarixi həqiqətlərin yaşadılması və milli kimliyin möhkəmləndirilməsi yolundakı rolunu diqqətə çatdırıb.
Gənclərin Azərbaycanın tarixi-coğrafi irsinə marağının artırılması və Qarabağ həqiqətlərinin elmi müstəvidə təbliği məqsədini daşıyan tədbir interaktiv müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.

Elm və təhsil 2026-11-05 11:25:00