×
A
A
A
Sazlamalar

Bakı qlobal dialoq platforması kimi: Azərbaycanın artan fəallığı və xarici siyasət uğurları - ŞƏRH

Bakı, 5 noyabr, AZƏRTAC
Mədəniyyətlərarası dialoq fərqli xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı anlaşması, birgəyaşayışı və bir-birinə hörməti ilə yanaşı, milli kimliyə və dövlətlərin suverenliyinə ehtiramı da əhatə etməlidir. Müasir beynəlxalq münasibətlərdə mədəni müxtəlifliyin qorunması ilə yanaşı, milli kimliyə münasibətdə ayrı-seçkilik, suverenliyə müdaxilə və beynəlxalq hüququn seçmə qaydada tətbiqi kimi problemlərin qalması bu məsələnin aktuallığını artırır. Prezident İlham Əliyevin oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı da məhz bu baxımdan diqqət çəkir. Çıxışda milli kimlik, dövlət suverenliyi, beynəlxalq hüquq və sülh məsələləri vahid yanaşma çərçivəsində təqdim olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, AMEA Gənclər Akademiyası Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə deyib. O bildirib ki, Azərbaycanın multikulturalizm təcrübəsi mədəni müxtəlifliklə milli birlik arasında tarazlığın qorunmasının nümunəsidir. Müxtəlif etnik və dini icmaların bərabər hüquqlara malik olması və ortaq dövlətçilik dəyərləri ətrafında birləşməsi Azərbaycanın multikulturalizm modelinin əsasını təşkil edir.
“Bu baxımdan azərbaycançılıq ideyası milli həmrəyliyin, müstəqilliyin və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayır. Prezidentin çıxışında dilin, ənənələrin və milli dəyərlərin qorunması da xüsusi vurğulanır. Dil xalqın tarixi yaddaşını və milli kimliyini yaşadan əsas vasitədir. Azərbaycanın müxtəlif siyasi sistemlər dövründə öz milli dəyərlərini qoruması, müstəqilliyin bərpası isə xalqın öz gələcəyini müəyyənləşdirmək hüququna qovuşması ilə nəticələnib. Milli kimliyə hörmət dövlətlərin suverenliyinə və beynəlxalq hüquqa hörmətlə tamamlanmalıdır. Azərbaycanın Qarabağ münaqişəsi dövründə üzləşdiyi ikili standartların bariz nümunəsi 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin uzun müddət icra edilməməsi, Ermənistana qarşı sanksiyaların tətbiq olunmamasıdır. Bu faktlar beynəlxalq hüququn tətbiqindəki ziddiyyətləri göstərməklə yanaşı, həqiqi mədəniyyətlərarası dialoqun suverenliyə, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət əsasında mümkün olduğunu təsdiqləyir”.
O qeyd edib ki, çıxışın digər mühüm istiqaməti müharibədən sonrakı dövr və sülh məsələsidir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini paraflayıb, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri isə ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzalayıblar. Azərbaycanın hərbi qələbədən sonra qisas niyyətində olmadığını bəyan etməsi və sülh sazişinin təşəbbüskarı kimi çıxış etməsi Prezident İlham Əliyevin siyasi iradəsini nümayiş etdirir.
Arzu İsgəndərzadə Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında artan fəallığının da Prezidentin çıxışında diqqətçəkən məqamlardan olduğunu vurğulayıb. Qeyd edib ki, 2025-ci ildə Çinlə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin, ABŞ ilə isə Strateji Xartiyanın imzalanması, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında bəyannamə və sazişlərin mövcudluğu Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini göstərir. Bununla yanaşı, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il uzadılması və Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi qəbul edilməsi ölkənin regional əməkdaşlıq proseslərində iştirakını genişləndirir. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi və Azərbaycanın təşkilata sədrlik etməsi, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə Bakının ev sahibliyi etməsi nəzərdə tutulur. Bu qərarlar Azərbaycanın beynəlxalq dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi mövqeyini gücləndirir.
“Beləliklə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı mədəniyyətlərarası münasibətlərin yalnız fərqli mədəniyyətlərə hörmətlə məhdudlaşmadığını, milli kimliyin qorunması, dövlət suverenliyi, beynəlxalq hüququn aliliyi və sülh prinsipləri ilə sıx bağlı olduğunu göstərir. Həqiqi dialoq xalqların tarixi-mədəni irsinə, dövlətlərin müstəqil iradəsinə və beynəlxalq hüququn hamı üçün bərabər tətbiqinə hörmət əsasında mümkündür”, - deyə o əlavə edib.

2026-11-05 11:14:00