×
A
A
A
Sazlamalar

Rania Al-Mashat: “ASAN xidmət” modeli digər ölkələr üçün də nümunədir

Bakı, 5 noyabr, AZƏRTAC
“ASAN xidmət” mərkəzləri dövlət xidmətlərinin göstərilməsini asanlaşdırmaq və vətəndaş məmnunluğunu maksimum səviyyəyə çatdırmaq baxımından “bir pəncərə” modelinin hansı nəticələr verə biləcəyini nümayiş etdirən, digər ölkələr üçün də nümunə ola biləcək mükəmməl modeldir.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin müavini və Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın (UN ESCWA) İcraçı katibi Rania A. Al-Mashat BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” sammiti çərçivəsində təşkil olunan “Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas məruzələr” adlı plenar sessiyada çıxışı zamanı deyib.
BMT rəsmisi BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası (ESCWA) ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumunun imzalanmasından məmnunluğunu ifadə edərək bildirib: “Bu memorandumun məqsədi “ASAN xidmət”in ən yaxşı təcrübələrini ərəb regionunda yaymaq, qarşılıqlı təcrübə mübadiləsini həyata keçirmək, həmçinin Cənub-Cənub və üçtərəfli əməkdaşlıq çərçivəsində dövlət idarəçiliyini və innovativ təşəbbüsləri təşviq etməkdir”.

Müxbirlər- Günel Türksoy, Tərgül Babayeva
Fotoqraf-İlkin Cavanşirov
Videooperator-Vüsal Taqiyev

Cəmiyyət 2026-11-05 11:13:00