


Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub
Moskva, 5 noyabr, AZƏRTAC
Rusiyanın Ryazan vilayətinə kütləvi dron hücumu nəticəsində bir nəfər yaralanıb, sənaye müəssisələrində yanğınlar baş verib və elektrik xətləri zədələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin qubernatoru Pavel Malkov bildirib.
Onun sözlərinə görə, vurulan dronların qalıqları Ryazandakı sənaye müəssisələrində yanğınlara səbəb olub. Elektrik xətləri zədələnib və şəhərin bəzi ərazilərində kəsintilər qeydə alınıb.
Bundan başqa, 58 nömrəli məktəbdə pəncərələr sındırılıb və bu da dərslərin ləğv edilməsinə səbəb olub. Ryazanda fərdi evlərə də ziyan dəyib və Rıbnovski rayonundakı qeyri-yaşayış binasında yanğın baş verib. Bir nəfər yaralanıb və lazımi tibbi yardım alır.
Qubernator sakinləri şəhər ətrafında hərəkətlərini mümkün qədər məhdudlaşdırmağa, dron qalıqları aşkar edilərsə, bundan yayınmağa və təcili yardım xidmətlərinə məlumat verməyə çağırıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında ölkənin bölgələri üzərində, eləcə də Qara və Azov dənizlərində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynanın 496 dronu ələ keçirilib və ya məhv edilib.