


Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun xatirəsi anılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimov və Xidmətin əməkdaşları Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun ailəsini ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olan Vüsal Məmmədov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun və bütün şəhidlərimizin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezidentin tapşırığına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahı dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.