


Məcnun Məmmədov: Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar üzrə əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi olaraq sahibkarların təşəbbüslərinin dəstəklənməsinə, investisiyaların təşviqinə, müasir texnologiyalara çıxışın genişləndirilməsinə və mövcud təsərrüfatların istehsal imkanlarının artırılmasına xüsusi önəm veririk.
AZƏRTAC xəbər verir ki, bunu Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Onun sözlərinə görə, istehsalın genişləndirilməsi su ehtiyatlarından səmərəli istifadə, ekoloji tarazlığın qorunması, təbii balıq ehtiyatlarının bərpası və biomüxtəlifliyin mühafizəsi prinsiplərinə əsaslanmalıdır.
“Xüsusilə Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar, mütəxəssis hazırlığı və texnologiya mübadiləsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik. İnanıram ki, forum yeni tərəfdaşlıqların qurulmasına, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsinə və Azərbaycanın akvakultura potensialının daha səmərəli reallaşdırılmasına mühüm töhfə verəcək”, - deyə nazir vurğulayıb.