×
A
A
A
Sazlamalar

Şanxayda 9-cu Çin Beynəlxalq İdxal Sərgisi fəaliyyətə başlayıb

Bakı, 5 noyabr, AZƏRTAC
Çinin Şanxay şəhərində dünyanın idxala həsr olunmuş ilk milli səviyyəli sərgisi olan 9-cu Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) açılıb.
AZƏRTAC “Sinxua”ya istinadla xəbər verir ki, noyabrın 5-dən 10-dək davam edəcək sərgidə 4142 xarici iştirakçı, o cümlədən “Fortune Global 500” siyahısında yer alan 300-dən çox şirkət və sənaye lideri təmsil olunur. Builki sərgidə 440 min kvadratmetrdən çox ərazidə müxtəlif ölkələrin məhsul və texnologiyaları nümayiş etdirilir. Tədbir çərçivəsində 480-dən çox yeni məhsul, texnologiya və innovasiyanın dünya, Asiya və Çin bazarlarında ilk dəfə təqdim olunması nəzərdə tutulur.
Sərginin əsas bölmələri informasiya texnologiyaları, istehlak malları, ərzaq və kənd təsərrüfatı məhsulları, avtomobil sənayesi, tibbi avadanlıqlar və xidmət ticarətini əhatə edir. İnnovasiya bölməsində isə 40-a yaxın ölkə və regiondan 633 layihə nümayiş olunur.
Qeyd edək ki, 2018-ci ildən hər il təşkil edilən Çin Beynəlxalq İdxal Sərgisi xarici şirkətlərin Çin bazarına çıxış imkanlarını genişləndirməyə xidmət edir. Ötən səkkiz sərgidə 180-dən çox ölkə, region və beynəlxalq təşkilat iştirak edib, ümumi dəyəri 580 milyard ABŞ dollarını ötən sövdələşmələr üzrə razılaşmalar əldə olunub.

Dünya 2026-11-05 11:00:00